Avstraliya Kral Hərbi Hava Qüvvələri "Fars körfəzi üzərindəki hava məkanının müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi" üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) "E7A Wedgetail" kəşfiyyat təyyarəsi və "hava-hava" sinifli raketlər göndərəcək.
"Report" xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze mətbuat konfransında bəyan edib.
"Yaxın Şərqdə münaqişə bir həftədən çoxdur başlayıb və İranın cavab hücumları daha da artaraq misli görünməmiş miqyas alır. Regionun Kipdən Fars körfəzinə qədər on iki ölkəsi hücumlara məruz qalmaqdadır", - o deyib.
Baş nazirin sözlərinə görə, kəşfiyyat təyyarəsi dörd həftəlik müddətə göndəriləcək, müasir ortamənzilli "hava-hava" sinifli raketlər, eləcə də köməkçi heyət onun telefon danışığı apardığı BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın xahişi ilə göndəriləcək.
E.Albaneze qeyd edib ki, Yaxın Şərqdə 115 min, BƏƏ-də isə 24 min avstraliyalı yaşayır və bu, hərbi yardımın göstərilməsini şərtləndirən əsas amillərdən biri olub.