Fransa son bir həftə ərzində İsrail tərəfindən kütləvi zərbələrə məruz qalan Livanda vəziyyətin pisləşməsi səbəbindən BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.
Livanın tibb xidmətlərinin məlumatına görə, ölənlərin sayı 400-ə yaxınlaşıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris Livanda fəaliyyət göstərən humanitar təşkilatlara artıq 6,9 milyon dollar təcili yardım ayırıb. Həmçinin Fransa yaxın vaxtlarda Livana çatmalı olan əlavə 20 ton humanitar yük göndərməyə hazırlaşır.
Nazirin sözlərinə görə, Fransa sabitliyin daha da pozulmasının qarşısını almağa, atəşkəsə nail olmağa və "Hizbullah" hərəkatının tərksilah edilməsi məsələsində irəliləməyə çalışaraq Livan və İsrail hakimiyyətləri ilə təmasları davam etdirir.