IMG-LOGO

Rövşən Əmircanov: "Azərbaycanda qızılın bütün əyar kateqoriyaları üzrə qiymətləri artıb"

09 Mar 2026 14:17 4 baxış
IMG

Azərbaycanda pərakəndə satış seqmentində qızılın bütün əyar kateqoriyaları üzrə qiymətləri əvvəlki dövrlə müqayisədə yüksəlib.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, qızılın beynəlxalq bazarda bahalaşması daxili bazarda da qiymət artımına səbəb olur: "Hazırda pərakəndə satış seqmentində bütün əyar kateqoriyaları üzrə qiymətlər əvvəlki dövrlə müqayisədə yüksəlib. Belə ki, 585 əyarlı qızıl məmulatlarının satış qiyməti 200-240 manat, 750 əyarlı qızıl məmulatlarının qiyməti 260-300 manat, 999,9 əyarlı qızıl məmulatlarının satış qiyməti isə 300-340 manat intervalında dəyişir".

R.Əmircanov qeyd edib ki, qızıl daha çox sabitlik və etimad aləti kimi çıxış etdiyi halda, gümüş, platin və palladium daha yüksək volatilliklə xarakterizə olunur: "Həmin metallar müəyyən dövrlərdə artım göstərsə də, sonradan daha sürətli qiymət korrektələri ilə üzləşə bilir. Xüsusilə gümüş bazarında müşahidə olunan dəyişkənlik hazırkı mərhələdə daha qabarıq görünür. Bu baxımdan qiymətli metallar bazarına vahid seqment kimi deyil, fərqli risk səviyyələrinə malik istiqamətlər toplusu kimi yanaşmaq daha məqsədəuyğundur".

Assosiasiya rəsmisi deyib ki, Azərbaycan bazarı baxımından da mövcud proseslər xüsusi diqqət tələb edir. Neft bazarındakı hərəkətlər ölkə üçün strateji əhəmiyyət daşıyır.

O əlavə edib ki, bu göstəricilər daxili bazarda qiymətli metallara marağın artdığını göstərir: "Xüsusilə qeyri-müəyyənlik şəraitində qızılın həm istehlak, həm də dəyər qoruma vasitəsi kimi qəbul olunması bazarda qiymətlərin yüksəlməsinə təsir edən əsas amillərdəndir. Bununla yanaşı, daxili bazarda son satış qiymətlərinə beynəlxalq kotirovkalarla yanaşı, emal, logistika, xidmət və pərakəndə ticarət xərcləri də təsir edir. Bu səbəbdən yerli bazarda formalaşan qiymətlər beynəlxalq göstəricilərlə müqayisədə daha yüksək intervalda müəyyən olunur. Amma qiymətli daşlar bazarında isə fərqli dinamika müşahidə edilir. Brilyant, sapfir, zümrüd və yaqut kimi qiymətli daşlar seqmentində qiymət dəyişiklikləri daha məhduddur, bəzi hallarda isə azalma meyli nəzərə çarpır. Bu vəziyyət beynəlxalq bazarlarda tələb və təklif nisbətinin dəyişməsi ilə əlaqədardır. Ümumilikdə, ölkə daxilində satışların əsas hissəsinin məhz qiymətli metallar seqmenti üzrə formalaşdığı müşahidə olunur".

Xəbər lenti