IMG-LOGO

İsveçdə Holokostun inkarının kriminallaşdırılması haqqında qanun hazırlanıb

16.02.2024 23:32 46 baxış
IMG

İsveç hökuməti Holokostun əhəmiyyətini inkar etməyə və ya alçaltmağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Telekanal qeyd edib ki, bu əmələ görə cəzanın milli mənsubiyyətə görə nifrətin qızışdırılması ilə eyni olması təklif olunur. Nəticədə qanunu pozan cərimədən başlayaraq iki il müddətinə azadlıqdan məhrum edilə bilər.

Öz növbəsində İsveçin ədliyyə naziri Qunnar Strömmer “Expressen” qəzetinə müsahibəsində qanun layihəsini şərh edib: “Bu, gələcəkdə daha çox hərəkətin qanunsuz hesab ediləcəyi demək deyil. Söhbət, məsələn, Holokostu inkar etməyin qeyri-qanuni olduğunun aydınlaşdırılmasından gedir".

Ölkənin mədəniyyət naziri Parisa Lilestrand öz növbəsində bildirib ki, yeni qanun soyqırımın digər təzahürlərini də əhatə edəcək, lakin bu günlə müqayisədə söz azadlığına hər hansı məhdudiyyət nəzərdə tutmur.

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropada yəhudilərə qarşı törədilmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.

BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti