Danimarka və Ukrayna Kiyevə 645 milyon avro məbləğində yeni hərbi yardım paketinin verilməsi barədə razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.
"Danimarkanın Baş naziri Mette Frederiksenlə yaxşı görüş olub. Ukrayna üçün 645 milyon avroluq yeni müdafiə paketi var", - paylaşımda bildirilir.
Zelenskinin sözlərinə görə, paket ilk növbədə zərbə pilotsuz uçuş aparatlarının (PUA) və müdafiə dronlarının, F-16 qırıcıları üçün döyüş sursatlarının alınmasının maliyyələşdirilməsini, eləcə də PURL proqramına dəstəyi nəzərdə tutur.
O, Rusiyanın Ukraynanın enerji və digər kritik əhəmiyyətli infrastrukturuna ballistik hücumlarını davam etdirməsi fonunda bu dəstəyi çox vacib və vaxtında atılmış addım adlandırıb.
Bundan əlavə, tərəflər əlavə humanitar dəstəyi müzakirə ediblər. Xüsusilə, Danimarka Xerson vilayətinin enerji ehtiyacları üçün 20 milyon avro ayırmaq qərarına gəlib. Zelenski qeyd edib ki, regiona dəstək onun işğaldan azad edilməsinin dördüncü ildönümü ərəfəsində xüsusilə vacibdir.
Danışıqlar zamanı həmçinin "Drone Deal" təşəbbüsü çərçivəsində əməkdaşlığın nəticələri, silahların birgə istehsalının inkişafı və FREYJA antiballistik proqramı üzərində iş müzakirə olunub
Mənbə: report.az