"PAŞA Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 21,883 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,65 % azdır.
9 ayda "PAŞA Sığorta"nın gəlirləri 294,741 milyon manat (1 il əvvələ nisbətən 16,9 % çox), xərcləri 267,387 milyon manat (20,2 % çox), mənfəət vergisi ödəmələri isə 5,471 milyon manat (4,8 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "PAŞA Sığorta"nın aktivləri 539,947 milyon manat olub ki, bu da illik müqayisədə 36,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 48,7 % artaraq 433,911 milyon manata, balans kapitalı isə 1,1 % artaraq 106,037 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
Mənbə: report.az