ABŞ-ın “Bloomberg” şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib.
Təmtəraqsız təşkil olunan mərasimdə yalnız ailə üzvləri, o cümlədən Blumberqin ilk nikahından olan qızları Emma və Corcina iştirak ediblər. Nikah mərasimindən sonra təxminən 15 nəfərin qatıldığı nahar təşkil olunub.
Cütlük 2000-ci ildə Blumberqin Nyu-York meri vəzifəsinə namizəd olduğu dövrdə Vətəndaş Büdcə Komissiyasının iclasında tanış olub.
Bu, milyarderin ikinci evliliyidir. O, 1976–1993-cü illərdə Süzan Braunla evli olub.
Diana Teylor əvvəllər Nyu-York ştatının bank nəzarəti üzrə rəhbəri vəzifəsində çalışıb. 2021-ci ildən isə Nyu-York Şəhər Baletinin direktorlar şurasına rəhbərlik edir.
Qeyd edək ki, Maykl Blumberq 2002–2013-cü illərdə Nyu-York meri olub. “Forbes”in məlumatına görə, onun sərvəti təxminən 109 milyard dollar qiymətləndirilir.
Məlumat Maykl Blumberqin nümayəndəsi tərəfindən də təsdiqlənib. Cütlük 26 illik münasibətdən sonra noyabrın 9-da ailə qurub. Toy mərasimi ailə üzvlərinin iştirakı ilə keçirilib.
cütlük milyarder dünyadan xəbərlər ABŞ evlənməkMənbə: lent.az