Azərbaycanda vergi qanunvericiliyinə edilən dəyişikliklər ölkə Prezidentinin fərman və sərəncamları ilə verilmiş tapşırıqlara əsaslanır.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
Onun sözlərinə görə, dəyişikliklər həm də sosial-iqtisadi inkişaf strategiyasına, sahibkarlarla keçirilən görüşlərdən qaynaqlanan və onların təklifləri əsasında formalaşan bazaya əsaslanır.
"İndiyə qədər yanlış təəssürat formalaşmışdı ki, sahibkarlarla müzakirə aparılmadan Vergi Məcəlləsi dəyişdirilir və sahibkarlar bundan ilin sonunda - qəfildən xəbər tutur. Bu günə qədər ixtisaslaşmış qaydada keçirilən görüşlərin sayı 350-yə yaxın olub, təxminən 600 təklif əldə edilib. Nəticə olaraq biznes mühitinin inkişafı və problemlərin həlli ilə bağlı 114 dəyişiklik artıq qanunvericiliyə daxil edilərək qüvvəyə minib", - deyə vergi rəsmisi qeyd edib.