Ermənistan İran ətrafındakı vəziyyətin Cənubi Qafqaz regionuna mənfi təsir göstərdiyini hesab edir.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda ölkə üçün mümkün mənfi nəticələrin minimuma endirilməsi məqsədilə xüsusi işçi qrup yaradılıb.
"Ermənistanın bilavasitə yaxınlığında yerləşən regionda baş verənlər kifayət qədər ciddidir və ümumilikdə regionun inkişafına son dərəcə mənfi təsir göstərir və bundan sonra da göstərməyə davam edəcək", - Arutyunyan qeyd edib.
O vurğulayıb ki, İrəvan və Tehran sıx əlaqələrə malikdir, buna görə də Yaxın Şərqdəki gərginliyin ikitərəfli əməkdaşlığa təsir göstərməməsi qeyri-mümkündür.
"Biz bütün istiqamətlərdə kifayət qədər sıx əməkdaşlıq edirik və mövcud vəziyyət xüsusilə iqtisadi baxımdan bu proseslərə təsir göstərir. Biz bu nəticələri yumşaltmaq üçün əlimizdən gələni edirik", - Arutyunyan əlavə edib.