Mövcud beynəlxalq şəraitdə Orta Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) nəzərə almamaq və görməmək mümkün deyil.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Daily Chronicle" verilişində çıxışı zamanı danışıb.
Orta Dəhlizin artan geosiyasi əhəmiyyəti barədə danışan nazir qeyd edib ki, region təkcə nəqliyyat bağlantıları baxımından deyil, həm də genişmiqyaslı iqtisadi layihələr prizmasından strateji məkana çevrilmək üçün tarixi imkan əldə edib.
Boçorişvilinin sözlərinə görə, hazırkı geosiyasi reallıq, xüsusilə Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdə davam edən hadisələr qlobal təchizat zəncirlərinin dəyişməsinə səbəb olub: "Bu fonda Orta Dəhlizin əhəmiyyəti daha da artıb".
Nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında onilliklər davam edən münaqişənin başa çatması və tərəflərin regional layihələr çərçivəsində əməkdaşlıq imkanlarını araşdırması Cənubi Qafqaz üçün yeni mərhələ yaradır.
Onun fikrincə, regionda sülh və sabitliyin möhkəmlənməsi, eləcə də Gürcüstan–Ermənistan, Gürcüstan–Azərbaycan və Azərbaycan–Ermənistan münasibətlərinin inkişafı Orta Dəhlizin gələcək taleyində həlledici rol oynayacaq.
Boçorişvili qeyd edib ki, regionun həm tranzit, həm də iqtisadi baxımdan əsas geosiyasi mərkəzə çevrilməsi üçün real tarixi şans formalaşıb. Bununla yanaşı, nazir əlavə edib ki, iqtisadi layihələrin arxasında mühüm siyasi faktorlar dayanır və onların həyata keçirilməsi məhz siyasi sabitlik və qarşılıqlı etimaddan asılıdır.
Xatırladaq ki, 2024-cü ildə Transxəzər Marşrutu üzrə yük daşımaları 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə isə yükdaşımaların 5,2 milyon tona çatacağı gözlənilir.
2027-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı ehtimal olunur. Bu isə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək və infrastruktura yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Qeyd edək ki, Orta Dəhliz ilə yük daşımaları üzrə 2030-cu il üçün hədəf proqnoz 11,4 milyon tondur.