Azərbaycan mühüm enerji keçidi mərhələsindədir və bu, Almaniya ilə ikitərəfli əməkdaşlıq üçün böyük perspektivlər açır.
"Report" Almaniya-Azərbaycan Xarici Ticarət Palatasına ("AHK Aserbaidschan") istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlər toplantılarından sonra bildirib.
"Biz Azərbaycanı enerji bazarının beynəlxalq səviyyədə mövqeyinin daha da gücləndirilməsinə çağırırıq", - o deyib.
Bundan əlavə, "AHK Aserbaidschan" iki ölkənin enerji biznesi nümayəndələri arasında bir sıra görüşlər təşkil edib.
"Almaniya şirkətləri ("VNG Handel & Vertrieb GmbH", "Siemens Energy", "Uniper") Azərbaycan tərəfdaşları ("SOCAR Green", "Azerbaijan Green Energy Company", "Nobel Energy", "Green Energy Corridor Power Company" və s.) ilə birgə təbii qaz, bərpa olunan enerji mənbələri və elektrik enerjisi sahəsində konkret layihələri müzakirə ediblər", - Palatanın məlumatında qeyd olunub.