“İslahatçı Gənclər” İctimai Birliyinin nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində Almatı şəhərində Əl-Fərabi adına Qazax Milli Universitetini ziyarət edib.
Lent.az xəbər verir ki, universitetin İdarə Heyətinin sədri – rektor Jansen Tuymebayev ilə keçirilən görüşdə iki ölkə arasında ali təhsil və gənclər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər akademik mobillik proqramları üzrə tələbə mübadiləsi, birgə elmi və tədris layihələrinin icrası, eləcə də forumlar, seminarlar, yay məktəbləri və təcrübə proqramlarının təşkili imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Rektor Jansen Tuymebayev beynəlxalq əməkdaşlığın genişləndirilməsinin universitetin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, türk dünyası ölkələrinin gəncləri arasında əlaqələrin möhkəmləndirilməsinin strateji əhəmiyyət daşıdığını bildirib. Rektor Azərbaycana səfərlərini xatırladaraq, iki dost və qardaş ölkənin bütün istiqamətlərdə olduqca səmərəli əməkdaşlıq etdiyini vurğulayıb.
Fərid Şahbazlı çıxışında Azərbaycanda həyata keçirilən dövlət gənclər və təhsil siyasəti barədə ətraflı məlumat verib, son illərdə bu istiqamətdə reallaşdırılan proqram və islahatların nəticələrini diqqətə çatdırıb. O, Azərbaycan və Qazaxıstan universitetləri, eləcə də gəncləri arasında əməkdaşlığın böyük potensiala malik olduğunu qeyd edərək, mövcud imkanların sistemli və institusional çərçivədə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Nümayəndə heyətinin üzvü Azxeber.com İnformasiya Portalının baş redaktoru Əfsələddin Ağalarov Türk dünyasında bu səviyyədə yüksək maddi və akademik imkanlara malik universitetin olmasının gənclər üçün çox əhəmiyyətli olduğunu bildirib. O universitetdə dövlət proqramı çərçivəsində azərbaycanlı gənclərin təhsil aldığını xatırldaraq, tələbə mübadiləsinin daha da genişləndirilməsinin gənclər siyasəti sahəsi üçün də faydalı olduğunu bildirib.
Görüşün yekununda tərəflər qarşılıqlı faydalı əməkdaşlığın planlı şəkildə inkişaf etdirilməsi, konkret tədbirlər planının hazırlanması və müvafiq ikitərəfli sənədlərin rəsmiləşdirilməsi istiqamətində razılığa gəliblər.
“İslahatçı Gənclər” İctimai Birliyinin heyəti eyni zamanda universitetdəki Heydər Əliyev Mərkəzini ziyarət edərək fəaliyyəti ilə yaxından tanış olublar.
İslahatçı Gənclər





