Hər bir valideyn istəyir ki, övladı təkcə qorxudan və ya məcburiyyətdən deyil, səmimi şəkildə ona hörmət etsin və dəyərləndirsin. Mütəxəssislər bildirirlər ki, uşağın valideynə olan hörməti nə bahalı hədiyyələrlə, nə də sərt qaydalarla formalaşır. Bu hiss təhlükəsizlik və dəstək mühitində yaranır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, psixoloqların fikrincə, elə ifadələr var ki, onlar valideyn-uşaq münasibətlərini kökündən dəyişə və uzunmüddətli etimadın əsasını qoya bilər.
“Başına nə gəlirsə-gəlsin, mən sənin yanındayam”
Mütəxəssislər bu cümləni valideyn-övlad münasibətlərində ən güclü mesajlardan biri hesab edirlər. Uşaq və ya yeniyetmə bu sözləri mütəmadi eşidəndə anlayır ki, evdə onu mühakimə etməyəcəklər, alçaltmayacaqlar və tək qoymayacaqlar. Bu isə ömürlük güvənin təməlidir.
Psixoloqlar izah edirlər ki, uşaqlar valideynlərini məyus etməkdən qorxurlar. Lakin dəstəyin səhvlər zamanı da davam edəcəyini bilən uşaq daha cəsarətli, daha səmimi və açıq olur.
Hörmət qorxudan deyil, sevgidən yaranır
Ekspertlərin sözlərinə görə, həqiqi hörmət qorxu və cəza üzərində qurula bilməz. Uşaq valideynin onu şərtsiz sevdiyini və çətin anlarda yanında olduğunu gördükdə daxili hörmət formalaşır.
Belə sözlər münasibətlərdə etimadı gücləndirir. Uşaq anlayır ki, valideyninə sirrini etibar edə bilər, çünki onu tək buraxmayacaqlar.
Gərginlik azalır, səmimiyyət artır
Mütəxəssislər vurğulayırlar ki, valideyn reaksiyasından qorxmayan uşaq daha az yalan danışır, problemlərini gizlətmir və söhbətdən qaçmır. O, özünü təhlükəsiz hiss edir.
Psixoloqların qənaətinə görə, valideynlərin gündəlik ünsiyyətdə istifadə etdiyi sözlər uşağın özünə inamına, ailəyə bağlılığına və gələcək münasibətlərinə birbaşa təsir göstərir. Dəstək və anlayış ifadə edən sadə cümlələr isə uzun illər davam edəcək qarşılıqlı hörmətin əsasını qoyur.
uşaq ailə