ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Prezident Donald Tramp tərəfindən elan edilmiş 15 faizlik qlobal tarif artıq yaxın günlərdə qüvvəyə minəcək.
"Report" xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Nazir dəqiqləşdirib ki, yeni tariflər 1974-cü il Ticarət Qanununun 122-ci bölməsi əsasında tətbiq olunur və Konqresin təsdiqi olmadan 150 gündən artıq müddətə qüvvədə qala bilməz. Bu müddət ərzində ABŞ Ticarət Nümayəndəliyinin İdarəsi və Ticarət Nazirliyi zəruri tədqiqatlar hazırlamalıdır ki, bu da lazım gəldikdə rüsumların tətbiqi üçün daha dayanıqlı hüquqi alətlərin istifadəsinə imkan verəcək.
S.Bessent əlavə edib ki, belə mexanizmlər daha yavaş işləyir, lakin daha möhkəm hüquqi bazaya malikdir.