IMG-LOGO

Starmer: Britaniya İranla bağlı əməliyyatlarda ABŞ ilə əməkdaşlıq edir

04 Mar 2026 17:45 3 baxış
IMG

Böyük Britaniya regionda hərbi qüvvələrin, o cümlədən hava hücumundan müdafiə və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri, eləcə də F-35 qırıcılarının yerləşdirilməsi ilə bağlı məsələlərdə ABŞ ilə əməkdaşlıq edir.

"Report" Britaniya mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer parlamentdə çıxışı zamanı bəyan edib.

Böyük Britaniyanın İrana qarşı hücumlarda iştirak etməməsinə görə məyusluğunu bildirən ABŞ Prezidenti Donald Trampın fikirlərini şərh edən Starmer son bir neçə gündə həyata keçirilən birgə müdafiə tədbirlərinin iki ölkə arasındakı "xüsusi münasibətlər"in işləməsinin sübutu olduğunu söyləyib.

"ABŞ təyyarələri Britaniya bazalarında yerləşir. Qarşılıqlı münasibətlərin xüsusi forması da bundan ibarətdir. Britaniya qırıcıları Yaxın Şərqdəki birgə bazalarımızda amerikalıların həyatını qorumaq üçün pilotsuz uçuş aparatlarını və raketləri vurur. Bu, xüsusi münasibətlərin əməldə təzahürüdür. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün kəşfiyyat məlumatlarının gündəlik mübadiləsi aparılır. Bu münasibətləri xüsusi edən də budur", - Britaniya Baş naziri deyib.

O, həmçinin qeyd edib ki, şənbə günü ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı başlayanda "qanuni əsasların mövcudluğuna və həyata keçirilə bilən, diqqətlə düşünülmüş planın olduğuna əmin olmasaydı, Britaniyanın müharibəyə qoşulmasına hazır deyildi".

Starmer vurğulayıb ki, onun üçün "bir nömrəli prioritet" Böyük Britaniya vətəndaşlarının müdafiəsidir, məhz buna görə də o, İranın Kiprdə və Bəhreyndə Kral Hərbi Hava Qüvvələrinin bazalarına hücumundan sonra müdafiə tədbirlərinə icazə verib.

Baş nazir bildirib ki, ölkə hökuməti Yaxın Şərq ölkələrindən Böyük Britaniya vətəndaşlarının təxliyəsi üçün çarter reysləri təşkil edir. İlk çarter reysinin bu gün gec saatlarda Omandan yola düşməsi gözlənilir, daha iki reys yaxın günlərdə gələcək.

Xəbər lenti