Etibar insanlar arasındakı münasibətlərdə bir növ valyuta rolunu oynayır. Heç kim pulu səbəbsiz yerə paylamadığı kimi, etimad da yalnız həqiqətən buna layiq olanlara göstərilməlidir. Bu, xüsusilə iş yerində həmkarlar və rəhbərliklə münasibətlərə aiddir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər etibar edilməməli rəhbərin əsas əlamətləri sadalayıb.
Favoritizm
Rəhbərin sevimli əməkdaşlarının olması kollektivdə motivasiyanı zəiflədir və obyektivliyin pozulduğunu göstərir. Belə hallarda sizin nailiyyətlərinizin başqa birinə aid edilməsi riski yaranır.
Əməkdaşların fikrini nəzərə almamaq
Yaxşı lider hər şeyi bilmədiyini anlayır və komandasının təcrübəsinə güvənir. Təkəbbürlə məsləhətləri rədd edən rəhbər həm strateji səhvlərə yol aça, həm də uğursuzluğun məsuliyyətini sonradan əməkdaşların üzərinə ata bilər.
Həddindən artıq vədlər və onların yerinə yetirilməməsi
Kollektivi ruhlandırmaq müsbət keyfiyyətdir. Lakin vədlər boş qalırsa, bu ciddi problemdir. Davamlı olaraq yerinə yetirilməyən sözlər gələcəkdə də dəyişiklik gözləməyə əsas vermir.
Mikromenecment
Rəhbərin hər detalı nəzarətdə saxlamaq istəyi yaradıcılığı boğur və iş prosesini ləngidir. Bu, həm də əməkdaşlara güvənilmədiyini göstərir. Qarşılıqlı etimad belə mühitdə mümkün olmur.
Məlumatın gizlədilməsi
Əgər rəhbər birbaşa iş öhdəliklərinizə aid vacib məlumatları paylaşmırsa, bu sizi səhv qərarlar verməyə məcbur edə bilər. Tam məlumat olmadan düzgün nəticə əldə etmək çətindir.
Əməyi qiymətləndirməmək
Ən böyük demotivasiya səbəblərindən biri rəhbərliyin zəhmətə laqeyd yanaşmasıdır. Səssizlik o deməkdir ki, rəhbər sizi komandanın dəyərli üzvü kimi deyil, asanlıqla əvəz edilə bilən mexanizmin hissəsi kimi görür.
Məsuliyyətdən yayınmaq
Pis rəhbər uğursuzluqlara görə məsuliyyəti üzərinə götürmür və günahkar axtarır. Belə şəraitdə işləmək risklidir, çünki bir gün günah keçisi siz ola bilərsiniz.
Qərarlarda ardıcıllığın olmaması
Komanda üzvləri strateji istiqaməti dəqiq bilməlidirlər. Rəhbər tez-tez məqsəd və prioritetləri dəyişirsə, bu, qarışıqlıq yaradır və nəticədə böyük problemlərə gətirib çıxara bilər.
Həddindən artıq konservatizm
Dünya sürətlə dəyişir. “Biz həmişə belə etmişik” yanaşması komandanın inkişafını ləngidir və rəqabət qabiliyyətini zəiflədir.
Əməkdaşların nailiyyətlərini mənimsəmək
Bu, ən təhlükəli davranışlardan biridir. Başqasının ideya və ya nəticəsini öz adına çıxarmaq yalnız etik pozuntu deyil, həm də sizin karyera imkanlarınızı məhdudlaşdıran ciddi təhlükədir.
iş iş mühiti karyera rəhbər