IMG-LOGO

Əxlaqsızlıq yuvası, yoxsa sosial şəbəkə? – Özlərini satışa qoyanlar

04 Mar 2026 16:15 3 baxış
IMG
2 0

Azərbaycanda daha çox video məzmunu ilə məşhurlaşan sosial şəbəkələri “kanalizasiya quyusuna” döndəriblər. Video məzmun adı altında təqdim olunanlar nə yaradıcılıqdır, nə satira, nə də maarifçilik. Bu, açıq-aşkar pul və diqqət hərisliyinə görə əxlaqsızlıq etməkdir. Əyləncə adı ilə soyunan kim, bədənini kontent kimi təqdim edib qiymət qoyan kim, ekran arxasından oturub ana-bacı söyən kim, “like” xətrinə ər-arvad yataq görüntülərini romantika adı altında millətə sırıyan kim... Bu adamların sayı bir-iki deyil.

Son bir həftənin xronikasına baxaq: üç tiktoker həbs olundu, ikisi cərimələndi, daha səkkiz nəfər saxlanıldı. Əxlaqsız davranış nümayiş etdirən 3 qadın və insanları açıq şəkildə təhqir edən bir kişi barəsində həbs qərarı verildi. Səbəb? Söyüş, təhqir, açıq-saçıq danışıq, intim mövzuların nümayişkaranə şəkildə tirajlanması. Bir sözlə, YİYƏSİZLİK.

Amma məsələ ondadır ki, həbs olunan, cərimələnən bu şəxslər Aysberqin görünən tərəfidir. Birini yığışdırırsan, yerinə beşi çıxır. Problem bilirsiniz kimdədir? O əxlaqsızların izləyicilərində. O izləyicilər ki, zövqü mənəviyyatdan üstün tuturlar, o izləyicilər ki, “soyun, sənə pul atırıq, şir atırıq, ay nə bilim nə atırıq” deyirlər. O izləyicilər ki, evindəkinin əlindən telefonu alıb, “Tiktok”dakı əxlaqsızla canlı yayıma qoşulur, onu loru dildə desək saxlayır.

Yadınıza düşürsə, təxmini 10 il əvvəl onlayn ticarət deyəndə ağlımıza xaricdən sifariş edilən məhsullar gəlirdi. Bəs indi? İndi onlayn ticarətin obyekti qadın bədənləri, kişi nəfisləri, “telegram”da açıq-saçıq videoların satışıdır. Əvvəllər iki nəfərin sözü çəp gələndə ağsaqqal, ağbirçək yığışardı, mülahizə edərdilər, söyüşsüz, təhqirsiz məsələni həll eləyərdilər. Amma indi 2-3 “ağçaqqal” “Tiktok”a yığışıb onu-bunu söyür. Bəəəh, təzələri çıxıb hələ. Bu “qaqaşlar” “qeyrət” rəmzidir, açıq-saçıq geyinən qadınları paylaşıb, ağıza alınmayacaq söyüş söyür. Qeyrət budur? İslah bu cür olur? Qadın bədəni üzərindən özünü reklam edən “qaqaş” uşaq tərbiyə edəcək? Ailə başçısı olacaq?

Həəə, deyə bilərsiniz ki, belə insanlar əvvəllər də var idi. Yox idi demirik ki, var idi. Amma fərq ondadır ki, o vaxt əxlaqsızlıq nümayiş etdirilmirdi, təşviq olunmurdu. İndi nə qədər qalmaqal, nə qədər bayağılıq, bir o qədər baxış və gəlir deməkdir. Platforma qazandıqca, əxlaqsız kütlə sərhədi bir az da keçir.

O qədər deyirdik ki, sosial şəbəkələr cəmiyyətin güzgüsüdür. Amma indi görünən odur ki, bu güzgü çatlayıb. Orada nə mədəni polemika var, nə də sağlam tənqid. Bəs nə var bilirsiniz? Ucuz populyarlıq.

Əgər həqiqətən dəyişiklik istəyiriksə, məsələni yalnız hüquq-mühafizə müstəvisində deyil, maarifçilik, media savadlılığı və ictimai qınaq müstəvisində müzakirə etməliyik. Çünki zövq dəyişmədikcə cərimə ilə davranış dəyişməyəcək. Belədə ki, 500-1000 manat o əxlaqsızların 1-2 videosunun qiymətidir.

Tiktok sosial şəbəkə əxlaq motivləri

Xəbər lenti