Azərbaycandakı idman federasiyalarının büdcələri arasında uçurum var.
"Report"un məlumatına görə, bunu Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev deyib.
O, Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə fikirlərini bölüşüb.
"İdmana maraq istənilən səviyyədə deyil. Sponsor tapmaq çətindir. Sponsorlara imtiyazların verilməsinə ehtiyac var. Bütün federasiyalar qeyri-hökümət təşkilatıdır. Maliyyə məsələləri qanunvericilik baxımdan çətindir. QHT-lərlə bağlı risklər hamıya bağlıdır. Federasiyaların büdcələri fərqlidir, arada uçurum var. Gənclər və İdman Nazirliyinin büdcəsi artırıla və maliyyə bərabər səviyyədə paylanıla bilər. Bizim heç kimin pulunda gözümüz yoxdur. Amma geridə olan idman növündə maliyyə olmasa, gec nəticə veriləcək. Məsələn, indi Azərbaycan Üzgüçülük Federasiyasının maliyyəsi 100 milyon manat olsa, 1 ilə nəticə verə bilməyəcək. Başa düşürük ki, bunun üçün 7-8 il vaxt lazımdır", - deyə qurum rəsmisi vurğulayıb.