Azərbaycan dövlət dəstəyi ilə "yaşıl enerji" üzrə regional mərkəz statusunu formalaşdırır.
"Report" xəbər verir ki, bunu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarında Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova bildirib.
"Azərbaycan əhəmiyyətli transformasiyadan keçir: ölkə hökumətin güclü dəstəyi ilə "yaşıl layihələri" fəal şəkildə inkişaf etdirir və özünü "yaşıl enerji" üzrə regional mərkəz kimi mövqeləndirir", - o qeyd edib.
P.Lyubomirova əlavə edib ki, bu ilin yanvarında regionda 200 MVt gücündə ən böyük külək elektrik stansiyası uğurla işə salınıb və bu stansiya 300 min ev təsərrüfatını enerji ilə təmin edəcək. Həmçinin tərəfdaşlarla birlikdə kaskad su duzsuzlaşdırma qurğusu (gündəlik 300 000 m³ su) və dəniz külək enerjisi layihələri hazırlıq mərhələsindədir.
"Biz artıq yaxşı irəliləyən texniki-iqtisadi əsaslandırmaların nəticələrini səbirsizliklə gözləyirik. Şirkətin bu cür iddialı və zəruri layihələrdə iştirakı gələcəkdə də davam etdiriləcək", - o əlavə edib.
P.Lyubomirovanın sözlərinə görə, şirkətin işlənmə mərhələsində olan aktivləri 119 milyard ABŞ dolları dəyərində qiymətləndirilir və ümumi gücü 96 QVt-dan çoxdur. Gündəlik 9,8 milyon kubmetr su emal olunur. "ACWA Power" enerji və su təchizatı sahəsində etibarlı, əlçatan və dayanıqlı həllər təqdim etmək üçün yaradılıb.
"Şirkətin layihələri iş yerləri yaradır, yerli təchizat zəncirlərini möhkəmləndirir, enerji təhlükəsizliyini artırır və karbon emissiyalarını azaldır, həmçinin Azərbaycanın Avropa İttifaqı, Yaxın Şərq və Mərkəzi Asiya arasında körpü rolunu gücləndirir", - Polina Lyubomirova deyib.