IMG-LOGO

"Black Sea Energy" Aİ-nin qarşılıqlı maraq doğuran layihəsi statusu alıb

03 Mar 2026 17:48 5 baxış
IMG

Qara dəniz sualtı kabeli (Black Sea Energy) Avropa İttifaqının (Aİ) qarşılıqlı maraq doğuran layihələri siyahısına daxil edilib.

"Report"un məlumatına görə, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji üzrə Məşvərət Şurasının iclaslarında bildirib.

Onun sözlərinə görə, bu qərarı Avropa Parlamenti və Aİ Şurası təsdiqləməlidir.

"Bu status layihənin "Connecting Europe" proqramı vasitəsilə Aİ-nin potensial maliyyələşdirməsinə iddia etməsinə imkan verəcək", - Borrero qeyd edib.

O vurğulayıb ki, bu layihə Avropa ilə Cənubi Qafqaz arasında enerji bağlantısının gücləndirilməsi istiqamətində ilk addım olacaq və Xəzər regionunu Avropa ilə birləşdirən "yaşıl enerji" dəhlizi ilə inteqrasiya edilə bilər.

K.L.Borrero əlavə edib ki, Avropanın təmiz texnologiyalar sektoru dekarbonizasiya, elektrifikasiya və enerji bağlantısının gücləndirilməsi məqsədlərinə nail olmaqda mühüm rol oynayır.

"Bu vəzifələrin həyata keçirilməsi yalnız dövlət təşəbbüslərindən deyil, həm də dayanıqlı özəl investisiyalardan, innovasiyalardan və sənayenin inkişafından asılıdır", - o bildirib.

Avropa Komissiyasının nümayəndəsi həmçinin vurğulayıb ki, əlverişli investisiya mühitinin formalaşdırılması əsas amil olaraq qalır: şəffaf və sabit bazar qaydaları, rəqabətli satınalma mexanizmləri və siyasətin uzunmüddətli proqnozlaşdırılması zəruridir.

Xəbər lenti