Cənub Qaz Dəhlizinə (SGC) qoyulan investisiyalar artıq özünü doğruldur və layihənin genişləndirilməsi istiqamətində Avropa İttifaqı ilə dialoq davam etdirilir.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi uzunmüddətli strateji xarakterli layihədir: "Şübhəsiz ki, bu layihəyə yönəldilmiş bütün investisiyalar artıq geri qayıtmaqdadır və layihə bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Sözsüz ki, bu, ölkəmizə əhəmiyyətli həcmdə gəlir gətirən strateji layihədir. Gələcəkdə onun daha da genişləndirilməsini arzu edirik və bu məqsədlə Avropa İttifaqı ilə müzakirələr aparırıq".