Böyük təbii sərvətlərə malik olan, enerji və nəqliyyat dəhlizlərinin kəsişməsində strateji mövqe tutan Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən mühüm enerji və tranzit mərkəzi kimi statusunu möhkəmləndirib.
"Report" xəbər verir ki, bunu "Baker Hughes" şirkətinin Rusiya və MDB üzrə dövlət orqanları və dövlət siyasəti ilə əlaqələr üzrə direktoru Andrey Kotov Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
"SGC və digər ixrac marşrutlarının uğurlu fəaliyyəti sayəsində Azərbaycan xarici bazarlara etibarlı, əlçatan və təhlükəsiz enerji daşıyıcılarının təchizatını təmin edir. Azərbaycan qazının SGC vasitəsilə ixrac coğrafiyası və həcmi daim artır. Biz əminik ki, təbii qaz keçid deyil, hədəf yanacağıdır. O, həmçinin artan enerji tələbatının dayanıqlı şəkildə ödənilməsinə aparan bir yol kimi çıxış edir", - A.Kotov vurğulayıb.
O qeyd edib ki, 2026-cı il şirkətin Azərbaycandakı fəaliyyətinin 30 illik yubileyi ilə əlamətdar olacaq: "Uzun illərdir ki, "Baker Hughes" Azərbaycanın etibarlı tərəfdaşıdır. Biz ümid edirik ki, fəaliyyətimiz bundan sonra da ölkənin enerji sənayesinin inkişafına, o cümlədən hasilatın artırılmasına və səmərəli istismarın təmin edilməsinə, eləcə də yeni enerji həllərinin və dekarbonizasiya sahəsindəki hədəflərin paralel şəkildə dəstəklənməsinə töhfə verəcək".