"Azerbaijan Gas Supply Company" (AGSC) 2025-ci ildə demək olar ki, 27 milyard kubmetr, o cümlədən Avropaya təqribən 12 milyard kubmetr qaz satıb.
"Report" xəbər verir ki, bu barədə AGSC-nin baş meneceri Lidiya Salahova Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının və Yaşıl Enerji üzrə Məşvərət Şurasının iclaslarında bildirib.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya nəqlinin başlamasından bəri şirkətin töhfəsi Avropanın enerji balansının dayanıqlı və strateji komponentinə çevrilib.
L.Salahova, həmçinin vurğulayıb ki, Avropaya tədarük olunan (2020-ci il dekabrın 31-dən - red.) Azərbaycan qazının ümumi həcmi 55 milyard kubmetrə çatıb.
AGSC-nin baş meneceri əlavə edib ki, Azərbaycan qazının İtaliya, Yunanıstan və Türkiyə bazarlarının hər birində payı 16 %, Bolqarıstanda 34 %, Gürcüstanda isə 51 % təşkil edir.
Onun sözlərinə görə, 5 il ərzində (2021-2025-ci illərdə - red.) Avropanın spot bazarlarında təqribən 7 milyard kubmetr qaz satılıb ki, bu da SGC sisteminin çevikliyini və bazar tələbatına operativ reaksiya vermək qabiliyyətini nümayiş etdirir.
L.Salahova əlavə edib ki, 2025-ci ildə AGSC-nin satışlarının təqribən 34 %-ni Azərbaycanın daxili bazarına tədarüklər təşkil edib.