Fransanın "TotalEnergies" şirkəti 100 teravat/saatdan çox enerji istehsal etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu şirkətin Avropa üzrə vitse-prezidenti Martina Opizzi Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, "TotalEnergies" 2030-cu ilə qədər dünya üzrə enerji istehsalını hər il təxminən 4 % artırmaqla qlobal enerji tələbatına töhfə vermək öhdəliyi götürüb: "Bu inkişaf trayektoriyası iki tamamlayıcı sütun üzərində qurulub: ənənəvi enerji (neft və qaz) və inteqrasiya olunmuş elektrik enerjisi. Biz neft və qaz sahəsinə investisiyalarımızı artırmağa davam edəcəyik və layihə portfelimizi əsas təməllər üzərində - aşağı xərclər, aşağı emissiya və bazar dövrlərinə qarşı dözümlü olan layihələr üzərində möhkəmləndirəcəyik".
O qeyd edib ki, şirkət onilliyin sonuna qədər 100 teravat/saatdan çox enerji istehsal etməyi planlaşdırır: "Bu da "TotalEnergies"in ümumi istehsalının təxminən 20 %-ni təşkil edəcək. Bu balanslaşdırılmış yanaşma bizə dəyişən enerji ehtiyaclarına cavab verməyə və eyni zamanda portfelimizin karbon intensivliyini tədricən azaltmağa imkan verir".