IMG-LOGO

"Total Energies": "Abşeron" yatağında 2-ci mərhələ hazırlıq prosesindədir"

03 Mar 2026 15:39 3 baxış
IMG

"Abşeron" yatağında "Tam miqyaslı işlənmə" ("Full Field Development") kimi tanınan 2-ci mərhələ hazırlıq prosesindədir.

"Report" xəbər verir ki, bunu "Total Energies" şirkətinin Avropa üzrə vitse-prezidenti Martina Opizzi Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, şirkət hazırda tərəfdaşları birlikdə "Abşeron" yatağının inkişafının ikinci mərhələsini araşdırır: "Abşeron" yatağında hasilat sabitdir. Bu, yüksək etibarlılıq və ciddi təhlükəsizlik göstəriciləri ilə gələcək inkişaf üçün möhkəm təməl yaradır. "Tam miqyaslı işlənmə" ("Full Field Development") kimi tanınan ikinci mərhələ hazırda hazırlanma prosesindədir və iki komponenti nəzərdə tutur. Birinci komponent sahilə birbaşa birləşən dənizaltı infrastrukturun qurulmasıdır ki, bura 114 kilometrlik çoxfazalı dənizaltı boru kəmərinə qoşulacaq üç dənizaltı quyu daxildir. İkinci komponent isə qazın emalını və həm daxili, həm də beynəlxalq bazarlara ixracını təmin edəcək quruda yerləşən emal qurğusudur. Bu, Azərbaycanın enerji təhlükəsizliyini və regional səviyyədə etibarlı qaz təchizatçısı kimi rolunu dəstəkləyəcək".

O qeyd edib ki, şirkət texnoloji yeniliklərdən, xüsusən də "soyuq axın" ("cold flow") konsepsiyası kimi tanınan aşağı izolyasiyalı dənizaltı boru kəmərlərindən istifadə edir: "Bu yanaşma bizə əməliyyat bütövlüyünü qoruyaraq material və quraşdırma xərclərini azaltmağa imkan verir. Quruda isə oxşar layihələrdəki təcrübəmizə əsaslanaraq qurğunun ərazisini əhəmiyyətli dərəcədə kiçiltmişik. Paralel olaraq, avadanlıqların ehtiyat hissələri fəlsəfəsinə yenidən baxmışıq. Biz təkcə mühəndislik həllərini deyil, həm də iş prinsipimizi və podratçılarla əməkdaşlıq metodlarımızı təkmilləşdiririk. Biz rəqabətdən səmərəli istifadə edirik. Həm tikinti, həm də satınalma mərhələlərində rəqabət vacibdir. Tenderlərimizdə tədarük zəncirini genişləndirməyə çalışırıq ki, bu da bizə geniş çeşiddə həllərə, imkanlara və münasib xərc strukturlarına çıxış imkanı verir. Bundan əlavə, dayanıqlı layihə mütləq aşağı emissiyalı layihə olmalıdır. Dizaynın ilkin mərhələlərindən biz istixana qazlarının intensivliyini minimuma endirməyə diqqət yetirmişik".

Xəbər lenti