Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarına başlanandan indiyədək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya nəql olunan 42 teravatt-saatdan çox qaz tədarük edilib.
"Report" xəbər verir ki, bu barədə IGB-nin Bolqarıstan üzrə icraçı direktoru Maya Xristova Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropada təchizatın şaxələndirilməsini, enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və rəqabət mühitinin inkişafını təmin etməklə öz strateji əhəmiyyətini təsdiqləyib.
O bildirib ki, IGB təkcə Bolqarıstan və Yunanıstanın deyil, həmçinin bütün Cənub-Şərqi və Mərkəzi Avropa regionunun enerji dayanıqlığını gücləndirən fəaliyyətdə olan və etibarlı strateji marşrutdur: "Şaxələndirilmiş təbii qaz, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG) təchizatına çıxışı təmin etməklə, IGB enerji təhlükəsizliyinə və qiymət rəqabətqabiliyyətliliyinə birbaşa töhfə verir".