Azərbaycan "yaşıl enerji" layihələrini inkişaf etdirməklə həm yaxın qonşularının, həm də avropalı tərəfdaşlarının enerji təhlükəsizliyini təmin edir.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, "yaşıl enerji" üç əsas sütuna söykənir: "Bunlar enerji imkanları, iqtisadi parametrlər və əlbəttə ki, ekoloji dayanıqlıqdır. Azərbaycan "yaşıl enerji" layihələrini inkişaf etdirməklə və "yaşıl enerji"nin Avropa qitəsinin müxtəlif istiqamətlərinə ixracını planlaşdırmaqla, biz ilk növbədə həm Azərbaycanın, həm yaxın qonşularımızın, həm də avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik".
Nazir əlavə edib ki, Azərbaycan indiyədək bütün proqramları reallaşdırmaqla həm özünün, həm də tərəfdaşlarının ekoloji təhlükəsizliyinə çox ciddi töhfə verib.