Serbiya ilə Bolqarıstan arasında qaz interkonnektorunun istifadəyə verilməsi ilə Serbiya ilk dəfə olaraq Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazı da daxil olmaqla digər mənbələrdən qaz tədarükü imkanına sahib olub.
"Report" xəbər verir ki, bunu Serbiyanın Mədənçilik və Energetika Nazirliyində neft və qaz üzrə nazir müavini vəzifəsini icra edən Saşa Kokoviç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi sadəcə bir infrastruktur layihəsi deyil: "O, Avropa üçün etibarlı tərəfdaşlıqlar və qarşılıqlı etimad əsasında formalaşan yeni enerji reallığını təmsil edir. Serbiyanın Azərbaycanla əməkdaşlığı xüsusi strateji əhəmiyyət daşıyır və əsasən Prezidentlər Aleksandar Vuçiç və İlham Əliyev arasındakı dostluq münasibətlərinə əsaslanır. Bu günə qədər əldə edilmiş əməkdaşlıq nəticələri təbii qaz, bərpa olunan enerji mənbələri və yeni texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini əhatə edən imzalanmış sazişlərlə təsdiqlənib".
S.Kokoviç qeyd edib ki, fevralın 15-də Serbiyanın paytaxtı Belqrad şəhərində həmdövrəli buxar-qaz turbin tipli elektrik stansiyasının inkişafı, layihələndirilməsi, tikintisi və idarə olunması üzrə imzalanmış son saziş iki ölkə arasında enerji əməkdaşlığının dəqiq sübutu və əsasını təşkil edir.