Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə neft ixracını ildə 12 milyon barelə qədər (ildə 1,6 milyon tona qədər - red.) artırmağı planlaşdırır.
Bunu "Report"a Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov deyib.
Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan energetika sahəsində, o cümlədən Qazaxıstan neftinin BTC marşrutu ilə tranziti istiqamətində fəal əməkdaşlıq edir.
"Biz həcmləri ildə 12 milyon bareldən çox artırmağı planlaşdırırıq. Artım potensialı var və BTC daha çox həcmdə neft daşıya bilər - məsələ yalnız tariflərdədir. Əgər perspektivli, cəlbedici tariflər olarsa, potensialı həmişə artırmaq olar", - S.Jarkeşov qeyd edib.
O, həmçinin Xəzər dənizinin dibi ilə "yaşıl kabel" layihəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlığı qeyd edib: "Biz bu layihədə böyük perspektiv görürük, çünki Qazaxıstan bərpa olunan enerji sahəsini fəal şəkildə inkişaf etdirir və layihələrimizin sayı getdikcə artır".
Nazir müavininin sözlərinə görə, layihədə iştirakçı ölkələrin sayının artırılması məsələsi hələlik müzakirə olunmur: "Bu gün layihənin texniki xüsusiyyətləri, marketinq, tranzit həcmləri və tariflərin ətraflı müzakirə olunması planlaşdırılır. Bu layihənin həyata keçirilməsində maraqlı olan konkret şirkətlər artıq müəyyən edilib. İrəliləyiş var".
O, həmçinin bu gün Cənub Qaz Dəhlizi üzrə müzakirələrin aparıldığını qeyd edib.
"Qazaxıstanda enerji resurslarının tədarükünün şaxələndirilməsi üçün başqa ölkələrə ixrac edilə bilən əhəmiyyətli qaz və digər resurs ehtiyatları mövcuddur. Bunun üçün böyük potensial var və bu istiqamətdə qardaş Azərbaycanla iş aparılır", - S.Jarkeşov deyib.