IMG-LOGO

Artyom Nekrasov: "Aİ, Azərbaycan və Ukrayna əməkdaşlığı Avropanın enerji arxitekturasını gücləndirəcək"

03 Mar 2026 12:44 4 baxış
IMG

Avropa İttifaqı (Aİ), Azərbaycan və Ukrayna arasında qaz sahəsində əməkdaşlığın inkişafı Avropanın daha dayanıqlı və şaxələndirilmiş enerji arxitekturasının formalaşmasında mühüm rol oynaya bilər.

"Report" xəbər verir ki, bunu Ukraynanın energetika nazirinin I müavini Artyom Nekrasov Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında bildirib.

"Azərbaycan üçün Ukrayna və Mərkəzi Avropa ölkələri ilə əməkdaşlığın inkişafı təbii qazın Avropa bazarına ixracının genişləndirilməsi üçün yeni perspektivlər açır. Əlavə nəqliyyat marşrutlarının inkişafı və regional infrastrukturdan istifadə satış bazarlarını şaxələndirməyə, Cənub Qaz Dəhlizinin səmərəliliyini artırmağa və Azərbaycan enerji şirkətləri üçün yeni kommersiya imkanları yaratmağa imkan verir", - deyə o qeyd edib.

A.Nekrasov qeyd edib ki, SGC-nin gələcək inkişafı, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin genişləndirilməsi, həmçinin Xəzər regionunda yeni yataqların istismara verilməsi Avropaya təbii qaz tədarükünün əhəmiyyətli dərəcədə artırılması üçün zəmin yaradır.

"Bu sistemdə Azərbaycan etibarlı resurs təchizatçısı, Avropa İttifaqı əsas satış bazarı qismində çıxış edir, Ukrayna isə regionda enerji axınlarının çevikliyini və sabitliyini təmin edən mühüm infrastruktur-logistika habı rolunu oynaya bilər", - nazir müavini bildirib.

Xəbər lenti