IMG-LOGO

Amil Həmzəyev: "18 xallıq üstünlüyü yorğunluq səbəbindən qoruya bilmədik"

03 Mar 2026 13:00 5 baxış
IMG

Azərbaycanın kişi basketbolçulardan ibarət millisi AVRO-2029-un seçmə mərhələsində Şimali Makedoniya ilə matçda yorğunluq səbəbindən 18 xallıq üstünlüyü qoruya bilməyib.

Bunu "Report"a açıqlamasında yığma üzvü Amil Həmzəyev bildirib.

Təcrübəli oyunçu Şimali Makedoniya ilə matçda qələbəni əldən verdikləri üçün üzüldüklərini qeyd edib:

"Ümumilikdə yaxşı çıxış etdik. İrlandiya üzərində qələbə qazandıq, evdə isə Şimali Makedoniya ilə əzmkar mübarizə apardıq. Əslində qalib gəlmək üçün çox yaxşı şansımız var idi. Sadəcə, bundan istifadə edə bilmədik. Hesabda 18 xal öndə olsaq da, yorğunluq və ehtiyat oyunçulardan yetərincə xal dəstəyi ala bilməməyimiz fərqin qapanmasına səbəb oldu. Rəqibin heyətində bütün basketbolçular xal atdığı halda, bizdə bu baxımdan problem yaşandı. Səfərdə Şimali Makedoniyaya 38 xal fərqi ilə məğlub olmuşduq. Ancaq həmin vaxt öz oyunumuzu göstərə bilməmişdik, əcnəbi basketbolçularımız da heyətə uyğunlaşmamışdılar. Son məğlubiyyət gələcək üçün gözəl siqnaldır".

Basketbolçu komandadakı inamın bərpa olunduğunu və gənc oyunçuların təcrübə topladığını vurğulayıb:

"İrlandiya ilə görüşdə legionerimiz cəzalanıb meydandan çıxsalar da, dördüncü periodda öz gücümüzə qalib gəldik. Bu, uşaqlarda özünəinamı bərpa etdi. Heyətimiz gənclərdən ibarətdir və bu tip yarışlarda az iştirak etdikləri üçün bəzi anlarda təcrübəsizlik hiss olunur. Məsələn, dünənki oyunda rəqibin pressinqindən rahat çıxa bilməməyimiz buna nümunədir. İyulda Lüksemburq və İrlandiya ilə iki mühüm oyunumuz var. Hər ikisində qalib gəlib qrup ikincisi kimi mərhələ adlamaq şansımızı maksimum dəyərləndirmək niyyətindəyik. Düşünürəm ki, hər iki oyunda qalib gələ bilərik".

A.Həmzəyev milliləşdirilmiş oyunçuların çıxışına və heyətdəki itkilərə də toxunub:

"Orxan Hacıyevin yoxluğu Şimali Makedoniya ilə oyunda çox hiss olundu. O, iyulda bizə qoşulsa, hər iki oyunda daha rahat qələbə qazanacağımıza inanıram. Milliləşdirilmiş basketbolçulardan Sadəttin Donatın həm meydandakı, həm də kənardakı istəyindən çox razı qaldım. Ulaş Turqut birinci oyunda daha yaxşı idi, Derin Berkoz isə hələ çox gəncdir və təcrübə toplayır. Ümumilikdə hər bir oyunçu əlindən gələni etdi, kimsəni qınamaq olmaz. Hər birinə təşəkkür edirəm".

Qeyd edək ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kAzərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində ötən gün Bakıda baş tutan görüşdə Şimali Makedoniyaya 70:78 hesabı ilə məğlub olub.

Xəbər lenti