Tehrana qarşı ABŞ-İsrail əməliyyatı başlamazdan əvvəl İran tərəfindən Birləşmiş Ştatlara yönəlmiş heç bir qaçılmaz təhlükə mövcud olmayıb.
"Report"un məlumatına görə, bu barədə Konqres Senatının kəşfiyyat üzrə xüsusi komitəsinin sədr müavini Mark Uorner jurnalistlərlə söhbəti zamanı bildirib.
"İranlılar tərəfindən ABŞ-yə qarşı qaçılmaz təhlükə yox idi", - o vurğulayıb və əlavə edib: "Təhlükə İsrailə qarşı idi".
"Əgər biz İsrailə olan təhlükə ilə ABŞ-yə olan qaçılmaz təhlükə arasında bərabərlik işarəsi qoyuruqsa, o zaman naməlum əraziyə daxil oluruq", - Uorner qeyd edib.
O həmçinin diqqəti respublikaçı Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının İrana qarşı hərbi əməliyyatın bəyan edilmiş məqsədlərini artıq faktiki olaraq bir neçə dəfə dəyişməsinə yönəldib:
"Mənim hesablamalarıma görə, bu əməliyyatın məqsədlərinin artıq dörd və ya beş dəfə dəyişdiyini görmüşük".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.