IMG-LOGO

BMT UNRWA-nın 12 əməkdaşına qarşı irəli sürülmüş iddiaları araşdırmaqda davam edir

15.02.2024 03:15 46 baxış
IMG

BMT Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 12 əməkdaşına qarşı irəli sürülmüş iddiaları araştırmaqda davam edir.

“Report” ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

Sözçü bildirib ki, UNRWA-ya qarşı irəli sürülmüş ittihamlarla bağlı bu günə kimi BMT ilə yazılı şəkildə hər hansı fakt və ya dosye paylaşılmayıb:

“İsrail təhlükəsizlik qüvvələri hazırda UNRWA-nın Xan Yunisdəki qərargahını zəbt edib. UNRWA-dakı həmkarlarımız orada baş verənlərlə bağlı heç bir məlumat ala bilmirlər. UNRWA-nın rəhbəri Filip Lazzarini şifahi şəkildə agentliyin əməkdaşlarına qarşı irəli sürülən ittihamların araşdırması ilə bağlı fəaliyyətləri davam etdirir. Hələ ki araşdırmalarla bağlı hər hansı bir nəticə yoxdur”.

Düjarrikin sözlərinə görə, UNRWA-nın maliyyələşdirilməsi ilə bağlı problemlər səbəbi ilə agentliyin fəaliyyətinin dayandırılması Qəzzada daha böyük böhrana yol açacaq: “Biz UNRWA-nın maliyyələşdirilməsinin davam etdirilməsini və açıq desək, çoxalan ehtiyacları nəzərə alaraq artmasını görmək istəyirik”.

Qeyd edək ki, UNRWA-nın 12 əməkdaşının oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı törətdiyi terror hücumlarında iştirakda ittiham olunur. BMT Baş Assambleyasının 8 dekabr 1949-cu il tarixli qətnaməsi ilə fələstinli qaçqınlar yardım üçün yaradılmış UNRWA-nın bölgədə 13 000 əməkdaşı var. Son bir neçə ayda agentliyin maliyyələşdirilməsi 17 ölkə tərəfindən dayandırılıb və ianələr azaldığı halda UNRWA-nın fəaliyyətinin yaxın gələcəkdə dayandıracağı gözlənilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti