IMG-LOGO

OPEC 2024-2025-ci illərdə neftə tələbat artımı proqnozunu saxlayıb

13.02.2024 21:53 46 baxış
IMG

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024 və 2025-ci illərdə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu müvafiq olaraq gündəlik 2,2 milyon barel (b/g) və 1,8 milyon b/g səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

OPEC-in fevral hesabatına əsasən, mütləq ifadədə 2024-cü ildə qlobal neft tələbatı gündə 104,4 milyon barelə, 2025-ci ildə isə 106,25 milyon barelə çata bilər.

Təşkilat hesab edir ki, 2024-cü ildə neftə tələbat aviadaşımalar, artan avtomobil sənayesi və xüsusən də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə sənaye, tikinti və kənd təsərrüfatı sahələrində fəallıq ilə dəstəklənəcək.

Bundan əlavə, eyni həmin ölkələrdə tələb, ilk növbədə, Çin və Yaxın Şərqdə neft-kimya potensialının genişləndirilməsi ilə dəstəklənəcək.

Eyni zamanda, OPEC 2024-cü ildə kartelə daxil olmayan ölkələrdə neft hasilatının artımı ilə bağlı proqnozunu sutkada təxminən 150 min barel azaldaraq 1,2 milyon barelə endirib, lakin 2025-ci il üçün 1,3 milyon barel səviyyəsində saxlayıb.

Mütləq ifadədə OPEC-ə daxil olmayan ölkələrdən neft hasilatının 2024-cü ildə 70,5 milyon barel, 2025-ci ildə isə 71,8 milyon barel olacağı gözlənilir.

“Bu il hasilatın artımının əsas drayverləri ABŞ, Braziliya, Kanada, Norveç, Qazaxıstan və Qayana olacaq. Meksika və Anqola isə autsayder ola bilər”, - OPEC qeyd edir.

Daha əvvəl Avropada artan tələbatın Qərbi Afrika neftinin qiymətini qaldırdığı məlum olmuşdu.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti