"Amazon"un qurucusu Ceff Bezos şirkətin təxminən 2 milyard dollar dəyərində səhmlərini satıb.
Lent.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Bezos fevralın 7-də 12 milyona yaxın səhm satıb. Hazırda sərvəti 196 milyard dollar olaraq qiymətləndirilən dünyanın ən varlı adamlarından biri iki ildən artıq müddətdə ilk dəfədir ki, aktivlərini satır.
Bezosun təxminən iki il əvvəl "Amazon" rəhbəri postunu tərk etməsinə baxmayaraq, o, direktorlar şurasında qalıb. O, həmçinin "Amazon"un 9,4%-nə sahib olmaqla şirkətin ən böyük səhmdarıdır.
Bezos "Forbes" jurnalının tərtib etdiyi milyarderlər siyahısında üçüncü yeri tutur. O yalnız "SpaceX" və "Tesla"nın qurucusu İlon Mask (201,6 milyard dollar) və LVMH (Louis Vuitton Moet Hennessy) qrupunun prezidenti Bernard Arnaultdan (219,2 milyard dollar) geri qalır.