NATO qoşunları Estoniyada illik təlimlərini kəskin hava şəraitində keçirib.
"Report"un məlumatına görə, bu barədə ERR dövlət teleradio portalı məlumat yayıb.
Məlumata görə, “Talvelaager” (“Qış düşərgəsi”) adlanan təlimlər Estoniya Müdafiə Qüvvələrinin Tapa şəhəri yaxınlığındakı Mərkəzi poliqonunda keçirilib və 1 000-dən çox hərbçi iştirak edib. Bildirilir ki, “piyada və mexanikləşdirilmiş hissələrin qış şəraitində döyüş əməliyyatlarına hazırlığının sınağına yönəlmiş manevrlər” həyata keçirilib.
"Belə şəraitdə döyüşmək seçimimiz olsaydı, çox güman ki, bunu etməzdik. Amma biz buna hazır olmalıyıq", - NATO-nun döyüş qrupunun komandiri Ceyms Fern təlimləri şərh edərkən deyib. Qeyd olunur ki, təlimlərin bəzi günlərində havanın temperaturu mənfi 16 dərəcəyə çatıb.
"Hava həm avadanlıqlara, həm də insanlara təsir edir - bizim maşınlarımız işə başlamaqda çətinlik çəkir", - Fern bildirib.
Birinci Piyada Briqadasının komandiri Andrus Merilonun sözlərinə görə, builki təlim əvvəlkilərdən fərqli olaraq, “bütün iştirakçılar simulyasiya sistemləri ilə təchiz edilib ki, bunun sayəsində əsgərlər onların nə vaxt atəşə məruz qaldığını və ya vurulduğunu dəqiq müəyyənləşdirə biləcəklər”.
"Tanklar və zirehli personal daşıyıcıları da bu simulyasiya sistemi ilə təchiz olunub, yəni burada baş verən hər şey təlim şəraitində mümkün qədər realdır", - Merilo qeyd edib.
Bizim WhatsApp kanalımıza abunə olun