IMG-LOGO

Serbiyada nüvə elektrik stansiyasının tikintisinə ilkin hazırlıq 4 il vaxt alacaq

20 Feb 2026 02:34 4 baxış
IMG

Serbiyada nüvə elektrik stansiyasının tikintisinə ilkin hazırlıq prosesi təxminən 4 il vaxt alacaq.

"Report" xəbər verir ki, bunu ölkənin mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç nüvə enerjisinin inkişafına yanaşmanın mümkünlüyünü araşdırılmaq üzrə İdarələrarası Ekspert İşçi Qrupunun ilk iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, gələn ilin ortalarınadək hazırlığın 1-ci mərhələsini başa çatdırmaq planlaşdırılır:

"Bu mərhələ ölkəmizdə nüvə elektrik stansiyasının tikintisinə yol açmaq üçün qəbul olunmalı bütün qanunvericilik aktlarının hərtərəfli təhlilini əhatə edir. Beləliklə, bütün maraqlı tərəflərin, Beynəlxalq Atom Enerjisi Agentliyinin və geniş ictimaiyyətin iştirakı ilə zəruri texniki, təhlükəsizlik, kadr və bazar ehtiyaclarının nə olduğunu biləcəyik. Daha sonra 1-ci mərhələnin nəticələrini ümumiləşdirən və ölkəmizdə nüvə enerjisinin tətbiqi ilə bağlı milli mövqe təklifini təqdim edən hərtərəfli hesabat hazırlayacağıq. Bundan sonra nüvə elektrik stansiyasının tikintisinə hazırlığı əhatə edəcək 2-ci mərhələ başlayacaq. Bütün bu ilkin hazırlıq prosesi təxminən 4 il davam edəcək".

Nazir yerli sənayenin nüvə proqramının tətbiqinə cəlb edilməsi potensialının da təhlil ediləcəyini vurğulayıb. Dubravka Cedoviç Handanoviç onu da diqqətə çatdırıb ki, Serbiya və Fransa arasında hökumətlərarası müqavilə əsasında Fransa İnkişaf Agentliyinin (AFD) dəstəyi ilə Fransanın EDF şirkəti ilə əməkdaşlıq çərçivəsində ilə dörd əlavə tədqiqat aparılacaq:

"Tikinti üçün seçiləcək məkan bütün təhlükəsizlik meyarlarına cavab verməlidir, lakin bununla bağlı qərarlar qarşıdakı illərdə qəbul ediləcək. Yerli sənayemiz nüvə proqramının inkişafına töhfə verə bilər və bu potensialın vaxtında müəyyənləşdirilməsi və təhlili ölkəmizdə dəyər zəncirinin gücləndirilməsi baxımından vacibdir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində nüvə proqramının inkişafı dövründə yerli iqtisadiyyata töhfə təxminən 7 milyard dollar olub".

Nazir vurğulayıb ki, nüvə proqramının inkişafı mürəkkəb və uzunmüddətli prosesdir, əsaslı hazırlıq, aydın institusional çərçivə və bir sıra qurumlar arasında sıx əməkdaşlıq tələb edir. O əlavə edib ki, əvvəlki dövrdə 20-yə yaxın müvafiq akademik institut, nazirlik və elmi müəssisə nüvə enerjisi ilə bağlı Anlaşma Memorandumu imzalayıb.

Xəbər lenti