Sülh Şurası təkcə Qəzza zolağı ilə deyil, dünyanın digər qaynar nöqtələri ilə də məşğul olacaq.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasının sonunda bəyan edib.
"Biz Qəzzadakı problemləri həll edəcəyik, Qəzzanı çox uğurlu və təhlükəsiz əraziyə çevirəcəyik. Düşünürəm ki, bir addım irəli atacağıq və dünyanın digər qaynar nöqtələri ilə də məşğul olacağıq. Yəqin ki, biz bunu çox asanlıqla edə bilərik. Biz bunu digər nöqtələrdə də edəcəyik", - Amerika lideri bildirib.
Tramp Sülh Şurasının BMT ilə əməkdaşlıq edəcəyini qeyd edib: "Biz yenidən BMT ilə işləyəcəyik, onun səmərəliliyini bərpa edəcəyik. Təşkilata kömək lazımdır. Onun inanılmaz potensialı var. Amma ona böyük kömək lazımdır. Düşünürəm ki, biz bunu tezliklə etməyə başlaya bilərik. Düşünürəm ki, biz bununla çox qətiyyətlə məşğul olacağıq. Biz hətta binanın özünü (BMT-nin Nyu-Yorkdakı baş qərargahını) təmir edə bilərik".
İclasın digər iştirakçılarına müraciət edərək, o, ABŞ-nin yaxın illərdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib: "Biz qarşıdakı illərdə sizinlə humanitar xarakterli əməkdaşlığa yönəlmişik. Düşünürəm ki, bu, karyeramızın ən vacib günlərdən biri olacaq, bəlkə də ən vacibi. Bizdə isə kifayət qədər yaxşı karyeralar var".
O, həmçinin Sülh Şurası tərəfindən yekdilliklə qəbul edilmiş, onun antikorrupsiya prinsiplərini və maliyyə şəffaflığı prinsiplərini müəyyən edən qətnaməni imzalayıb.
Şuranın iclasını aparan Ağ Evin mətbuat katibi Kerolin Livittin elan etdiyi kimi, görüşün iştirakçıları humanitar yardımın göstərilməsinə 6,5 milyard dollardan çox vəsait yönəltməyi vəd ediblər.