Şahmatçı Türkan Məmmədyarova Azərbaycan çempionatının yarımfinal görüşündə Ayan Allahverdiyeva məğlubiyyəti haqq etdiyini düşünür.
Bunu "Report"a açıqlamasında 36 yaşlı qrosmeyster özü bildirib.
O, ölkə çempionatının yarımfinalında uduzmasının səbəblərindən danışıb:
"Mən hazırda 3 uşaq anasıyam. Şəxsi, ailəvi işlərim çox olur. Bu səbəbdən şahmata lazımı qədər vaxt ayıra bilmirəm. Ayan isə istədiyi formada şahmata zaman ayırır. Bu səbəbdən onun şansını yüksək qiymətləndirmək olardı. Bu məğlubiyyəti özüm üçün faciə hesab etmirəm. Düşünürəm ki, normal vəziyyətdir. Lakin bildirməliyəm ki, dünənki çıxışım mənim ən yarışdakı ən pis oyunum oldu. Bu səbəbdən uduzmağa layiq idim".
T.Məmmədyarova üçüncü yer uğrunda qarşılaşacağı Gülnar Məmmədovaya qarşı görüş barəsində də fikirlərini bildirib:
"Sözün düzü, yarışa başlayanda sırf qələbələr qazanmağı düşünmürdüm. Əlbəttə ki, çempionata məğlub olmaq üçün qatılmamışam. Lakin çalışıram ki, oyunlar zamanı mövcud çıxışımdan zövq alım. Anı yaşamağı sevirəm. İnanıram ki, Gülnara qarşı maraqlı mübarizə olacaq".
Qeyd edək ki, qadınların mübarizəsində Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova arasında ikinci oyun heç-heçə başa çatıb. Ayan Allahverdiyeva isə Türkan Məmmədyarovanı məğlub edib.
Beləliklə, qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparacaq.