IMG-LOGO

Koşta: Ukraynanın Aİ-yə üzvlüyü sülh planının bir hissəsidir

19 Feb 2026 19:17 4 baxış
IMG

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı optimistdir.

"Report"un Avropa bürosu xəbər verir ki, o, bunu Ukraynanın Aİ-yə üzvlüyü, sülh planı və təhlükəsizlik zəmanətləri ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Koşta vurğulayıb ki, Kiyev və Avropa Komissiyasının (AK) birgə texniki işi bu prosesin mümkün qədər tez başa çatması üçün çox önəmlidir.

"Bilmirəm bu 2027, ya da 2026-cı ildə, yoxsa daha sonra olacaq, amma vacib olan odur ki, fürsəti əldən qaçırmamalıyıq. Vaxt itirmək olmaz", – o deyib və əlavə edib ki, Avropaya inteqrasiya Rusiya-Ukrayna münaqişəsinin həllində sülh prosesinin bir hissəsidir.

Aİ Şurasının sədri xatırladıb ki, Ukraynanın birliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar 2022-ci ilin iyun ayında qəbul olunub və bütün üzv dövlətlərin Ukrayna xalqına qarşı öhdəliklərini yerinə yetirməyə çalışacağına əminliyi ifadə edilib.

O Macarıstanın razılaşmaması ilə bağlı qeyd edib ki, Macarıstan da Ukraynanın namizədliyini irəli sürməyə səs verib. "Macarıstan və Ukrayna arasında bəzi məsələlər var və onları həll etmək lazımdır", – Koşta vurğulayıb.

Koşta qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, tərəflər çox tez nəticəyə nail ola biləcəklər. "Bu danışıqlar bəzən mürəkkəb olur, mən xatırlayıram, mənim ölkəm Aİ-yə üzvlük üçün 9 il gözləyib. Amma Ukrayna ilə proses digərlərindən daha sürətlə gedir", – o deyib.

Xəbər lenti