Qusar rayonunun Quxuroba, Hiloba, Yasaboba, Əniqoba, Aşağı İmamqulukənd və Şirvanlı kəndlərini birləşdirən avtomobil yolu yararsız vəziyyətə düşüb.
Bu barədə "Report"un Şimal bürosuna qeyd olunan kəndlərin sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, ümumilikdə 5 mindən çox əhalisi olan həmin kəndlərin yolunda yaranan problemlər hərəkət getdikcə çətinləşir. Ötən əsrin 70-ci illərində salınan və indiyə qədər əsaslı təmir olunmayan yol xüsusilə payız-qış aylarında keçilməz olur. Təmir işlərinin aparılmaması səbəbindən yolun örtüyü tamamilə sıradan çıxıb, iri çalalar əmələ gəlib. Xüsusilə, payız və qış aylarında vəziyyət daha da ağırlaşır. Yağış suları yolda gölməçələr yaradır, nəqliyyatın hərəkəti az qala mümkünsüz olur.
Şirvanlı kəndinin sakini Omik Zəkiyev deyib ki, zəruri hallarda bu kəndlərə çağırılan təcili tibbi yardım maşınları da yolun yararsızlığı səbəbindən vaxtında gələ bilmirlər:
"Xəstəmiz olanda təcili tibbi yardım briqadaları başqa yollardan istifadə etməyə məcbur olduqlarından xeyli vaxt itirirlər. Həqiqətən, vəziyyət ağırdır. Yağış yağanda bu yol daha pis günə qalır. Yolda hərəkət edən maşınlar da davam gətirmir, onları müntəzəm təmir etdirmək lazım gəlir".
Kəndin digər sakini Sərvər Mirzəmətov da əhalinin yol baxımından əziyyət çəkdiyini vurğulayıb:
"Bu yoldan istifadə etmək artıq mümkün deyil. Maşınlar xarab olur, sıradan çıxır, onları təmir etdirmək də isə başqa problemdir. Yolda 30-40 sm dərinliyində çalalar var, təcili təmirə ehtiyac var".
Məsələ ilə bağlı "Report"un yerli bürosunun sorğusunu cavablandıran Qusarın Şirvanlı Bələdiyyəsinin sədri Elxan Quliyev bildirib ki, Quxuroba-Şirvanlı avtomobil yolunun əsaslı təmiri üçün ötən il vəsait ayrılıb:
"Artıq yolun bəzi hissələrində genişləndirmə işləri aparılıb. Əsasən, yolun üzlənməsi işi qalıb. Lakin əlverişsiz hava şəraiti səbəbindən işlər müvəqqəti dayandırılıb. Havalar normallaşan kimi işlər bərpa olunacaq. Təmir işlərinin tam olaraq bu il yekunlaşdırılması nəzərdə tutulub".

