Şimali Avropa ölkələri Şimal qütbü vasitəsilə Asiya və Şimali Amerikaya sualtı internet kabel sistemi çəkməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə bazar günü İsveçin SVT televiziyası məlumat yayıb.
"Polar Connect" İsveçdən Şimal qütbü vasitəsilə Asiya və Şimali Amerikaya qədər fiber-optik kabellər şəklində sualtı infrastrukturun yaradılması üzrə birgə şimal layihəsidir", - deyə məlumatda bildirilib.
İlkin marşrutun İsveç-Norveç-Kanada-Alyaska-Yaponiya-Cənubi Koreya xəttini əhatə edəcəyi nəzərdə tutulur. Ümumi uzunluğu 10 500 kilometr olan yeni kabel sisteminin 2030-cu ildə istifadəyə verilməsi gözlənilir.
Layihə mövcud təhlükəsizlik şəraitində Avropa İttifaqı tərəfindən prioritet hesab olunur və dəyəri 21 milyard İsveç kronundan (təxminən 2 milyard dollar) çox qiymətləndirilir.