Avropa Birliyi ölkələrindəki hüquq-mühafizə orqanları və onların tərəfdaşları, Avropol tərəfindən əlaqələndirilən əməliyyat çərçivəsində təxminən 1,2 milyard avro dəyərində saxta əskinas ələ keçiriblər.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.
Rumıniya hakimiyyəti 4,8 milyondan çox saxta avro əskinasını ələ keçirib və Çindən gəldiyi iddia edilən 223.000-dən çox saxta əskinasın saxlanıldığı anbarı aşkarlayıb.
Bundan əlavə, Portuqaliya, Böyük Britaniya və ABŞ-nin birgə keçirdiyi üç ayrı əməliyyatda 220.000-dən çox saxta avro, funt sterlinq və ABŞ dolları sikkələri müsadirə edilib.
Avropolun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 2025-ci ilin iyunundan noyabr ayına qədər davam edən əməliyyat zamanı saxta valyuta olan 379 poçt göndərişini müsadirə ediblər. Bu tədbirlər saxtakarlıq qruplarına qarşı 70 cinayət işinin açılmasına səbəb olub.
Vurğulanıb ki, ümumilikdə 7 milyondan çox saxta valyuta vahidi, o cümlədən təxminən 4,8 milyon avro əskinas və sikkə, 2,3 milyon ABŞ dolları əskinas, 23.000-dən çox Britaniya funt sterlinqi və təxminən 4.800 İsveçrə frankı ələ keçirilib.
Əməliyyatda 14 AB ölkəsinin hüquq-mühafizə orqanları, eləcə də Serbiya, Türkiyə, Böyük Britaniya və ABŞ-dan olan tərəfdaşları iştirak edib. Bəyanatda həmçinin bildirilib ki, Avropol Avropa Mərkəzi Bankı ilə birlikdə və Avropa Komissiyasının koordinasiyası altında saxta valyutanın yayılmasına qarşı mübarizə aparmaq üçün Çin hakimiyyəti ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.