ABŞ administrasiyası Milli Qvardiya qoşunlarını təhlükəsizliyi təmin etmək üçün yerləşdirildikləri Kaliforniyanın Los-Anceles, İllinoys ştatının Çikaqo və Oreqon ştatının Portland şəhərlərindən geri çağırıb.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Milli Qvardiya bölmələrinin geri çəkilməsi Ağ Ev və ya Pentaqon tərəfindən heç bir ictimai açıqlama verilmədən ötən ayın sonunda sakitcə başa çatdırılıb.
Qəzet Milli Qvardiya qüvvələrinin geri çəkilməsini hazırkı administrasiya rəhbəri Donald Tramp və Pentaqon rəhbəri Pit Heqsetin mövqeyində "diqqətəlayiq dəyişiklik" adlandırıb. Onlar nəzarətsiz cinayətkarlıqla mübarizə aparmaq və immiqrasiya qanunlarına riayət etmək üçün Amerika şəhərlərinə qoşun yeritməyin vacibliyində israr edirdilər.
Nəşr vurğulayıb ki, təxminən 2500 Milli Qvardiya əsgəri hələ də Vaşinqton küçələrində patrul xidməti aparır. Tramp yanvarın əvvəlində Milli Qvardiyanın Çikaqo, Los-Anceles və Portlenddən çıxarılması planlarını açıqlamışdı, lakin qərarın icrası üçün konkret bir müddət göstərməmişdi. Bu şəhərlərdə hazırda müxalifətdəki Demokrat Partiyasının nümayəndələri hakimiyyətdədir.