Polşada 18 yaşlı gəncə qarşı məktəbdə terror aktı hazırlama və zorakılığa təhrik etmə ittihamları irəli sürülüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarının nümayəndəsi Yatsek Dobjinski bildirib.
Məlumata görə, şübhəli şəxs İŞİD terror təşkilatının tərəfdarı olub.
Qeyd edilib ki, Polşa İŞİD-in hücumlarına məruz qalmasa da, 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri təxribat cəhdlərinin artması fonunda hakimiyyət orqanları yüksək hazırlıq vəziyyətindədir.
"Prokurorluq gəncə internet vasitəsilə zorakılığa açıq şəkildə təhrik etmə, milli və dini zəmində nifrət oyatma, həmçinin hücuma hazırlıq ittihamlarını irəli sürüb", - Dobjinski bildirib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs silahlar, partlayıcı, yandırıcı və toksik maddələr, bombaların hazırlanması sxemləri, onların tətbiqi və təchizatı üsulları, həmçinin partlayıcı qurğuların yaradılması, yerləşdirilməsi və partladılması metodları, eləcə də hücumların həyata keçirilməsi taktikası barədə məlumat toplayıb.
Dobjinski əlavə edib ki, gəncin qeydləri cənub-şərqi Podkarpat voyevodluğundakı məktəbə hücum planlaşdırıldığını göstərir.