IMG-LOGO

Azərbaycan və Türkiyə arasında innovasiya və texnologiya əməkdaşlığını genişləndirən strateji sənəd imzalanıb

11 Feb 2026 11:31 5 baxış
IMG

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və "Sistem Global Danışmanlık A.Ş" konsaltinq şirkəti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Belə ki, strateji əhəmiyyət kəsb edən memorandum çərçivəsində innovasiya ekosistemi, rəqəmsal transformasiya və texnoparkların inkişafı, startapların inkubasiya və akselerasiya proqramları ilə dəstəklənməsi, texnoloji sahibkarlığın və insan kapitalının gücləndirilməsi, innovasiya layihələrinin birgə maliyyələşdirilməsi və investisiya yatırımı, dövlət–özəl tərəfdaşlığının təşviqi, rəqəmsal "sandbox"lar vasitəsilə pilot layihələrin dəstəklənməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov memorandumun hər iki ölkənin ekosisteminin qarşılıqlı inteqrasiyası üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib:

"Bu Anlaşma Memorandumu Azərbaycan və Türkiyə arasında innovasiya və texnologiya sahəsində əməkdaşlığı daha sistemli və nəticəyönümlü mərhələyə daşıyır. Beləliklə, startapların inkişafı, insan kapitalının gücləndirilməsi, birgə innovasiya layihələrinin reallaşdırılması və texnoloji bizneslər üçün hərtərəfli mexanizm formalaşır".

TÜBİSAD-ın İdarə Heyətinin sədri Mehmet Ali Tombalak bildirib ki, hər iki ölkənin şirkətlərinin bir araya gəlməsi ortaq texnoloji ekosistemin güclənməsinə təkan verəcək:

"Bu gün biz burada təkcə iki ölkənin şirkətlərini bir araya gətirmək üçün deyil, həm də iki ölkənin texnoloji gücünü birləşdirmək üçün toplaşmışıq. Bizim yanaşmamız üç sözlə ifadə olunur: fokuslanmaq, birləşmək və birlikdə təsir yaratmaq. Biz şirkətlərimizi və ölkələrimizi bir-birinin rəqibi kimi deyil, bir-birini tamamlayan tərəfdaşlar kimi görürük".

"Sistem Global Danışmanlık A.Ş" konsaltinq şirkətinin İdarə Heyətinin sədri Hüseyin Karslıoğlu rəhbərlik etdiyi şirkətin iki ölkə arasında texnoloji əməkdaşlıq imkanlarını genişləndirilməsinə strateji yanaşdığını vurğulayıb:

"Biz Sistem Global olaraq bu forumu yalnız biznes əlaqələrinin qurulduğu platforma deyil, Azərbaycan və Türkiyə arasında rəqəmsal transformasiya sahəsində bilik, təcrübə və texnologiyanın qarşılıqlı ötürülməsini təmin edən strateji körpü kimi dəyərləndiririk. Məqsədimiz şirkətlərin qlobal miqyasda rəqabət qabiliyyətini artıracaq dayanıqlı və nəticəyönümlü əməkdaşlıqların formalaşmasına töhfə verməkdir".

Qeyd edək ki, sözügedən memorandum "Azərbaycan-Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" zamanı imzalanıb. Forum çərçivəsində hər iki ölkədən ümumilikdə 70 aparıcı İKT şirkəti və maliyyə institutları, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak edib, o cümlədən əməkdaşlığın təşviqi istiqamətində B2B və B2G görüşlər keçirilib.

Xəbər lenti