Türk dünyası süni intellekt sahəsində ideoloji birlikdən texnoloji ittifaq mərhələsinə keçir.
"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan müharibəni birinci növbədə elmlə qazanıb:
"Azərbaycan "üçölçülü fəzada" Zəfər qazandı. Üç ölçü - yeraltı sərvətlər - iqtisadi və enerji ehtiyatlarının elmi idarəçiliyi, müasir neft-qaz texnologiyaları, geologiya və geofizika elmi, beynəlxalq enerji diplomatiyası ölkənin hərbi-siyasi qüvvəsinə çevrildi. Ermənistan isə buna hazır deyildi".
Z.Oruc qeyd edib ki, dünyada şirkətlərin 90 %-i süni intellektdən istifadə edir, amma 67 %-i hələ də pilot mərhələsindədir. Müəssisələrin 62 %-i süni intellekt agentlərini sınaqdan keçirir, 23 %-i isə onları kütləvi şəkildə tətbiq edə bilir:
"Azərbaycanda müvafiq göstərici 20 faizə yaxındır. Türk dünyası süni intellekt sahəsində artıq ideoloji birlikdən, mədəni yaxınlıqdan texnoloji ittifaq mərhələsinə keçir. Prosesin mərkəzində Türkiyə və Azərbaycan dayanır".
O qeyd edib ki, TEKNOFEST təkcə startapların sərgisi deyil, texnoloji səfərbərlikdir, gəncliyin beyinlərini müdafiə sənayesinə, süni intellektə və milli texnologiyaya yönəldən ideoloji platformadır:
"Azərbaycanın TEKNOFEST hərəkatında iştirakı və tədbirlərin ölkəmizdə keçirilməsi göstərir ki, biz texnologiyanı idxal edən yox, yaradan məkana çevrilmək niyyətindəyik".