Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) hər il orta hesabla 250–300 yeni startapın yaranmasına dəstək verir.
"Report" xəbər verir ki, bunu İRİA-nın Startap ekosisteminə dəstək şöbəsinin müdiri Camal Ağayev Bakıda keçirilən "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" Forumunda bildirib.
"Bunların da təxminən 10–15 %-i müəyyən müddətdən sonra fəaliyyətə başlayır. Ayaqda qalan startaplar lokal bazara çox yaxşı uyğunlaşır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən bir startap və yaxud komanda ilə əməkdaşlıq etmək təkcə bizim bazara deyil, həm də Mərkəzi Asiya bazarına çıxış üçün mühüm imkan yaradır. Çünki Azərbaycanın startap komandalarında ingilis, türk və rus dillərini yüksək səviyyədə bilən mütəxəssislər geniş təmsil olunur. Bu isə əməliyyatların rahat şəkildə aparılmasına, həmçinin bazar və mədəniyyətə uyğunlaşmaya imkan verir. Türkiyə şirkətləri Azərbaycan startapları ilə tərəfdaşlıq edərək Özbəkistan və Qazaxıstan kimi bazarlara daha rahat daxil ola bilərlər. Hazırda bir sıra startaplarımız həmin ölkələrin bazarlarında ciddi mövqe qazanıblar".