IMG-LOGO

İlin sonuna Azərbaycanın texnoparkındakı rezidentlərin sayı 200-ə çatacaq

11 Feb 2026 12:02 6 baxış
IMG

Bu ilin sonuna qədər Azərbaycanda texnologiya parkındakı rezidentlərin sayı 200-ə çatacaq.

"Report" xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev bu gün Bakıda keçirilən "Azərbaycan–Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" Forumunda deyib.

Onun sözlərinə görə, hazırda bu texnoparkın 170 rezidenti var: "Bunlar Azərbaycanın İT sektorunda fəaliyyət göstərən kiçik, orta və böyük şirkətləri özündə birləşdirir. Proqram təminatının hazırlanması (software development), proqramların inkişafı (program development), proqram təminatının inteqrasiyası (software integration) və İT sektorunun bir çox real sektor oyunçuları burada təmsil olunur. Texnoparka üzv olmaqla şirkətlər Türkiyədə də olduğu kimi 10 illik müəyyən güzəştlər əldə edə bilirlər. İstər vergi sahəsində, istər miqrasiya məsələlərində, istərsə də digər istiqamətlərdə dövlət tərəfindən dəstək verilir. Bununla yanaşı, burada fəaliyyət göstərən şirkətlər böyük bir ekosistemin parçasına çevrilirlər".

O qeyd edib ki, şirkətlərə ölkəyə daxil olduqda, yerli tərəfdaş axtarışında da agentlik olaraq dəstək göstərilə bilər: "Biz texnopark şirkətlərimizlə tez-tez əməkdaşlıq edirik və əsas hədəfimiz buradakı işlərin həcmini artırmaqdır. Təbii ki, Azərbaycan daxilindəki layihələr çox önəmlidir. Lakin əsas məqsədimiz buradan ixracı necə təşviq edə və dəstəkləyə biləcəyimizi müəyyənləşdirməkdir".

Xəbər lenti