2025-ci ilin 9 ayında Bosniya və Herseqovinaya 500 milyon avrodan çox xarici sərmayə yatırılıb.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə məlumat Bosniya və Herseqovinadakı Xarici İnvestorlar Şurası (FIC) ölkənin Mərkəzi Bankına istinadən bildirib.
Mərkəzi Bankın sədri Yasmina Selimoviçin (Jasmina Selimović) təqdim etdiyi məlumatlara görə, 2025-ci ilin yanvar-sentyabrı ərzində birbaşa xarici sərmayələrin həcmi 1,05 milyard Bosniya markasına (təxminən 536,86 milyon avro) çatıb: "İnvestisiyaların əsas mənbələri Almaniyadan (264,6 milyon marka - təxminən 135,29 milyon avro), Xorvatiyadan (223,4 milyon marka - təxminən 114,22 milyon avro) və Sloveniyadan (154,5 milyon marka təxminən 78,99 milyon avro) olub".
Y.Selimoviç bu göstəricilərin daha da artırılması üçün institusional təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.
FIC-in prezidenti Sanela Kariç isə bildirib ki, üzv şirkətlərin 90 faizi Bosniyanı investisiya və uzunmüddətli fəaliyyət üçün uyğun ölkə hesab edir: "İnvestorlar nikbindirlər və əsas diqqəti insan resurslarına və kadrların inkişafına yönəltməklə yenidən investisiya qoymaq niyyətindədirlər".
FIC-in icraçı direktoru Nedim Makareviç Şuranın təsiri ilə bağlı daha geniş mənzərə təqdim edərək bildirib ki, 1990-cı illərdən bəri 85 üzv şirkət daxili iqtisadiyyata təxminən 10 milyard marka (5,11 milyard avro) investisiya yatırıb və 20 mindən çox iş yeri yaradıb.